İsrail İranda vurulan "F-15" pilotunun təxliyəsində ABŞ-yə kömək edib

İsrail İranda vurulan "F-15" pilotunun təxliyəsində ABŞ-yə kömək edib

İran Silahlı Qüvvələri (SQ) tərəfindən İsfahanda vurulan ABŞ hərbi hava vasitələrinin pilotlarının xilas edilməsi əməliyyatı İsrailin yardımı ilə baş tutub.


Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu "X" sosial media hesabında paylaşım edib.


O, ABŞ Prezidenti Donald Trampla telefon danışığı apardığını bildirib.


"Mən bir qədər əvvəl prezident Donald Tramp ilə danışdım və onu cəsarətli qərarına, həmçinin vurulmuş pilotun düşmən ərazisindən xilas edilməsi üzrə mükəmməl icra olunmuş Amerika missiyasına görə şəxsən təbrik etdim", - deyə qeyd edən Netanyahunun sözlərinə görə, Tramp ona "İsrailin köməyinə görə" minnətdarlığını bildirib.


"İsrailin cəsur bir amerikalı döyüşçünün xilas edilməsinə töhfə verə bilməsindən dərin qürur hissi keçirirəm", - İsrailin Baş naziri vurğulayıb.


Daha əvvəl Tramp bildirib ki, ABŞ xüsusi təyinatlıları İran qırıcıları tərəfindən vurulmuş ABŞ Hərbi Hava Qüvvələrinə məxsus F-15 Eagle təyyarəsinin iki heyət üzvünün xilas edilməsi üzrə əməliyyat keçirib.


Xatırladaq ki, ABŞ və İsrailin 28 fevralda İrana qarşı birgə əməliyyat başladıb. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Xidmət.tv

Sorğu

Digər xəbərlər