“Cəmiyyət səhv edir, Sahibə xanım haqlı idi”
Milli Məclisin oktyabrın 30-da keçirilən plenar iclasında deputat Aqil Abbasla spiker Sahibə Qafarova arasında yaranan fikir ayrılığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Belə ki, spiker deputatın “Niyə Ağdamda mənə ev düşmür?” fikirləri ilə razılaşmadığını və onun bu çıxışı ilə görülən işlərə ləkə saldığını bildirib. Bəzi istifadəçilər Aqil Abbasın fikirləri ilə razılaşsa da, digərləri, eləcə də deputatların əksəriyyəti spikerin iradını haqlı hesab edib.
Sorgu.TV xəbur verir ki, “Qafqazinfo” müzakirələrlə bağlı Aqil Abbasla əlaqə saxlayıb. Millət vəkili saytımıza açıqlamasında bildirib ki, Sahibə Qafarova ona bildirdiyi iradda haqlı olub: “Cəmiyyət səhv edir. Cəmiyyət bu işə niyə qarışır axı? Mən demişəm, xanım sədr də mənə haqlı irad bildirib. Çünki mən orada mövzudan kənara çıxmışam. Cəmiyyətdə indi kiminsə kimdənsə xoşu gəlir və ya gəlmir, başlayırlar iki yerə bölünməyə. Hər kəs öz fikrini bildirməkdə azaddır. Mən özümə ev istəməmişəm, sadəcə demişəm ki, məcburi köçkün statusuna yenidən baxılsa, yaxşı olar. Ağdamda işlər yekunlaşanda 20 min ev tikilmiş olacaq, elə o 20 min ev mənim evim deməkdir. Hər bir ağdamlının evi elə mənim evimdir.
Qeyd etdiyim kimi, bu məsələdə cəmiyyətin iki yerə bölünməsi səhvdir. Hörmətli Sahibə xanım bizim sədrimizdir və irad bildirməkdə haqlı idi. Çünki o an “Pulsuz hüquqi yardım haqqında” qanunun müzakirəsi idi. Mən o fikirlərimi cari məsələlərlə bağlı deputatlara yarım saat vaxt ayrılanda bildirməli idim.
Bu dəqiqə ev şəhid ailələrinə və müharibə veteranlarına verilir. Mərhələli şəkildə yəqin ki, digər köçkünlərə də ev düşəcək. Yəni bunu böyütmək düz deyil. Kimsə bekardır, kiminsə kimdənsə xoşu gəlmir, mövzunu başqa yerə yozmaq düz deyil. Ağdam sürətlə bərpa edilir. Mən də gedib-gəlirəm. Bütün Qarabağda evlər tikilir. Bu, asan iş deyil”.
Xatırladaq ki, o əvvəl bu sözləri demişdi: "Bu gün işğaldan azad olunmuş ərazilərdə quruculuq işləri gedir. Mən 1970-ci ildən etibarən Bakıda yaşayıram. Qaçqın və məcburi köçkün statusu daşımıram. Mənim atamın mülkündə tikilən evlər niyə mənə verilmir? O cümlədən mənə də müraciətlər olunur ki, niyə bizə ev düşmür? Təklif edirəm ki, bu məsələyə, yəni qaçqın statusuna yenidən baxılsın. Belə çıxır ki, mən Ağdamda öz cibimdən pul verib ev almalıyam? Niyə?", - deputat vurğulayıb.
Milli Məclisin sədri Sahibə Qafarova isə deputatın fikrinə aydınlıq gətirib:
"Niyə görülən işlərə ləkə salırsız? Bu qədər iş görülür. Ağdama ağdamlılar köçmürlərsə, kim köçür?"

